26 dekabr tarixində Bakı Avrasiya Kollecində “Azərbaycan mənim Vətənimdir” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə milli birlik və multikultural dəyərlər yüksək səviyyədə nümayiş etdirilmişdir.

Tədbirin açılış nitqi Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov tərəfindən səsləndirilmişdir. O, çıxışında Azərbaycanda müxtəlif xalqların və etnik qrupların mehriban və qarşılıqlı hörmət şəraitində yaşamasının ölkəmizin multikultural dəyərlərinin bariz nümunəsi olduğunu vurğulamışdır. Proqram çərçivəsində ölkəmizdə yaşayan etnik qrupların – ləzgilərin, avarların, qaraçıların, talışların və digər xalqların milli rəqsləri kollecin tələbələri tərəfindən canlandırılmışdır. Eyni zamanda tələbələrin müxtəlif xalqlara məxsus hazırladıqları milli mətbəx nümunələri tədbirə xüsusi rəng qatmışdır.

Tədbirin ərsəyə gəlməsində fəallıq göstərən 36 tələbə təşəkkürnamə ilə təltif olunmuşdur. “Azərbaycan mənim Vətənimdir” mövzusunda keçirilən inşa müsabiqəsinin qaliblərinə isə fəxri fərman təqdim edilmişdir.

Tədbirin fəxri qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Kollecin kitabxanasına dəyərli nəşrlər hədiyyə etmiş, həmçinin tələbələrə fəal təhsil və yazı bacarıqlarının inkişafı ilə bağlı faydalı tövsiyələr vermişdir.

Keçirilən tədbir Kollecin milli-mənəvi dəyərlərə bağlılığının və yüksək təşkilatçılıq səviyyəsinin parlaq nümunəsi kimi yadda qalmışdır.