Bakı Avrasiya Kollecində VI Məzun Buraxılış Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

  

Kollecin rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin, məzunların və valideynlərin iştirak etdiyi tədbirdə məzunların təhsil müddətində qazandıqları nailiyyətlər yüksək qiymətləndirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladıqdan sonra, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

  Tədbirin açılış nitqi ilə çıxış edən Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova məzunları bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edərək, onların təhsil illərində qazandıqları bilik və bacarıqları gələcək peşə fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib. O, məzunların milli-mənəvi dəyərlərə sadiq, Vətəninə və xalqına layiqli, yüksək ixtisaslı mütəxəssislər kimi yetişəcəklərinə inandığını bildirərək, onlara həyat yollarında əzm, qətiyyət və yeni nailiyyətlər arzulayıb.

  Tədbirin rəsmi hissəsində Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, Ardahan Universitetinin rektoru, prof.Dr. Öztürk Emiroğlu, Bakı Avrasiya Kollecinin tədris işləri üzrə direktor müavini Paşa Məmmədov və Maliyyə-İqtisad şöbəsinin müdiri Anar Yusubov çıxış ediblər.

   Tədbirdə həmçinin Bakı Avrasiya Universitetinin tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, elmi işlər üzrə prorektor, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova və ümumi işlər üzrə prorektor Günhan Hüseynli iştirak ediblər.

  Qonaqlar məzunlara  gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayaraq, qazandıqları bilik və bacarıqlar onların gələcək uğurlarının möhkəm təməlini təşkil edəcəyinə, eyni zamanda cəmiyyətin inkişafına mühüm töhfələr verəcəyini ifadə ediblər.